Aprelin 14-də Qobustan rayonunun A.O.Çernyayevski adına 1 №-li tam orta məktəbinin müəllimi Niyət Dəmirovun 65 illik yubileyi və pedaqoji fəaliyyətinin 42 illiyi münasibətilə tədbir keçirilib.
ATİAHİ Qobustan rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə məktəbin müəllimləri və şagirdləri, Rayon Təhsil Şöbəsinin nümayəndələri və rayonun bir sıra ziyalıları iştirak ediblər.
Çıxışında Qobustan rayon komitəsinin sədri Ənvər Qayıbov Azərbaycanın uğurlu təhsil siyasətindən, bu istiqamətdə həyata keçirilən islahatlardan, dövlətimizin başçısı cənab İlham Əliyevin bu sahəyə ayırdığı diqqət və qayğıdan söz açıb. Bildirilib ki, ölkə gənclərinin elmi biliklərə yiyələnməsində hər cür şərait yaradılıb. Niyət Dəmirovun prdaqoji fəaliyyətinə toxunan Ə.Qayıbov vurğulayıb ki, onun rayon təhsilinin inkişafında böyük xidmətləri var: “Məhz Niyət müəllim kimi fədakar pedaqoqların sayəsində qobustanlı gənclər respublikanın tanınmış ali təhsil ocaqlarında oxuyurlar. Onun yetirmələri bu gün müxtəlif vəzifələrdə ləyaqətlə təmsil olunurlar”.
Daha sonra çıxış edənlər N.Dəmirovun mənalı həyat yolundan, müəllim adını şərəflə daşımasından, gənc nəslin yetişməsində effektli karyerasından danışıblar.
Tədbirin sonunda yubiliyara həmkarlar komitəsi tərəfindən Fəxri fərman və müxtəlif hədiyyələr təqdim olunub.